Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Mədəniyyət siyasəti
5 Noyabr , 2018 13:59
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu məsələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verib. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.

Muğam sənətinin ölməzliyini təmin edən dərin məzmun və fəlsəfi məna onun malik olduğu xalqın özəlliyi ilə bağlıdır. Xalqımızın özü qədər qədim olan muğamın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bütün bu layihələr ilk növbədə muğam ustadları, bu sənətlə məşğul olan insanlar üçün əsl hədiyyədir. Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğam ümumilikdə, bəşər mədəniyyətinin nadir inciləri sırasındadır.

Bildirilib ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünki Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın ən qədim guşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib. Ayrı-ayrı sənətkarların ifaçılıq üslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolu var. Muğam Azərbaycan musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəniyyətində və tarixində qoyduğu dərin izlə tanınır və sevilir. Bu mədəniyyət şedevrinin tarixi köklərinin Azərbaycanda olması isə ilk növbədə onun daşıyıcılarının ölkəmizdə mövcudluğu ilə bağlıdır. Odur ki, muğam hər bir soydaşımızın ana dilidir. Muğamı sevmək, ona bağlanmaq hər birimiz üçün son dərəcə təbii və doğmadır.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış edib.

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi