Sentyabrın 17-də
"Report"un xəbərinə görə, açılış mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.
“Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirib.
Xalq artisti, tarzən, professor
Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə
31 ölkədən 200-dək musiqi alətinin nümayiş olunduğu unikal sərgi
Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.
Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.
Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.
Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.
Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.
Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.
Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.
Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.
Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.
Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti
“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımlıdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.
Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa millətlərin öz tarixindən böyükdür”.
İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.
Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri gəlib bugünümüzə çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. İstər klassik xanəndələrimiz, korifeylərimiz, istər orta nəsil xanəndələrimiz, istər bugünkü gəncliyimiz – hər şey bu sərgidə çox gözəl əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.
Xalq artisti Ağəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.
Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünu təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.