Berlində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi qeyd olunub

Berlində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi qeyd olunub Əbülfəs Qarayev: "Azərbaycanda məskunlaşmış 500 alman ailəsi ölkədə hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsidir"
Mədəniyyət siyasəti
9 Mart , 2017 15:23
Berlində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi qeyd olunub
Azərbaycanın Almaniyadakı səfirliyi

Bakı. 9 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və səfir Ramin Həsənovun adından Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq klubunda Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi münasibətilə ziyafət verilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Almaniya Bundestaqının deputatları, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya XİN-in əməkdaşları, Almaniyada akkreditə olunmuş diplomatik korpusun, eləcə də bu ölkənin elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin nümayəndələri və digərləri iştirak ediblər.

Səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını vurğulayıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərə verdiyi töhfəni vurğulayıb. Ramin Həsənov həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını ölkəmizin və regionun turizm potensialından daha yaxşı istifadə olunması üçün yeni imkanlar aça biləcəyini qeyd edib.

Əbülfəs Qarayev tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkədə hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında mövcud olan hazırkı münasibətlər üçün də möhkəm bünövrə təşkil etdiyini bildirib. Nazir Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdə mövcud olan abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşməsi barədə məlumat verib və ölkəmizin bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını diqqətə çatdırıb.

Almaniya XİN-in xaricdə elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, Almaniyanın Azərbaycandakı keçmiş səfiri Haydrun Tempel iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinin Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi