Yuxarı

YUNESKO-nun komitəsi Azərbaycanın beşillik hesabatını qəbul edib

Hesabatda məcburi köçkünlərin öz qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinlikləri əks olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Namibiya Respublikasının paytaxtı olan Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Dekabrın 4-dək davam edəcək sessiyada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil olunur. Nümayəndə heyətinə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Ramil Abbəkirov daxildir.

10-cu sessiya çərçivəsində YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına və Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün təqdim olunan elementlərə baxılacaq, eləcə də bir sıra ölkələrin Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya çərçivəsində fəaliyyətləri haqqında hesabatları, Qeyri-maddi mədəni irs Fondunun 2016-2017-ci illərdə istifadəsinin proqramı, təqdim edilən faylların baxılmasına cavabdeh olan Qiymətləndirmə Komitəsinin 2015-ci il üzrə fəaliyyəti müzakirə ediləcək, konvensiyanın həyata keçirilməsini tənzimləyən operativ qaydalara yenidən nəzər yetiriləcək, qeyri-hökumət təşkilatlarının akkreditasiyası həyata keçiriləcək, habelə digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Azərbaycanın YUNESKO-ya təqdim etdiyi beşillik ölkə hesabatı müzakirə edilib. Hesabat Azərbaycanda qeyri-maddi mədəni irsin vəziyyətini, ölkədaxili və xaricində həyata keçirilən təbliğat-təşviqat tədbirlərini, bütün qeyri-maddi mədəni irs nümunələrini, xüsusilə YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş irs nümunələrinin qorunması və inkişafı üçün dövlət tərəfindən həyata keçirilmiş fəaliyyətləri əks etdirir.

Nazirlikdən bildirilib ki, komitə üzvlərinə təqdim edilən hesabat kifayət qədər müfəssəl hazırlanıb. Hesabatda həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyanı, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin öz qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinlikləri əks olunub.

Qeyd edək ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, qeyri-maddi mədəni irsin inkişafına və qorunmasına mənfi təsir göstərməklə yanaşı, bu ərazilərdə yaşayan azərbaycanlıların intellektual mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi