XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Mədəniyyət siyasəti
  • 16 oktyabr, 2026
  • 11:05
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Nazirlikdən "Report"a bildirilib ki, Bakı Ekspo Mərkəzində "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.