Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.
"Report"un yerli bürosu bildirir ki, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, siyasətçilər, jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Elman Abdullayev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. O, qeyd edib ki, Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında ən uğurlu addımları Ümummilli Lider Heydər Əliyev atıb. Onun 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərmana toxunaraq, bu tədbirlərə UNESCO nümayəndələrinin də biganə qalmadığını və 2000-ci il "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar UNESCO müxtəlif şəhərlərdə yubiley tədbirlərinin təşkil olunduğunu bildirib.
E.Abdullayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da əvəzolunmaz roluna toxunub.
Konsertdə ölkəmizin milli musiqilərini Azərbaycanın Uşaq Avroviziyasındakı təmsilçisi Sona Əzizova, tarda Sahib Paşazadə, pianoda Etibar Əsədli, balabanda Ələfsər Rəhimli, basda Teddi Sorres, zərb alətlərində Yoann Şmidt ifa ediblər.
Musiqiçilər cazla muğamın sintezi, xalq mahnılarımızla çıxış ediblər.
Proqrama "Qara qaşın vəsməsi", "Arşın mal alan", "Şuşam mənim", "Sarı Gəlin", "Fəridəm" və digər kompozisiyalar daxil edilib.