Yuxarı

​Türkmənistan səfiri Mərkəzi Elmi Kitabxanada olub

Görüşdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə edilib

Bakı. 5 may. REPORT.AZ/ Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-dən "Report"a verilən məlumata görə, görüşdə bu qurumun direktoru Leyla İmanova kitabxanada aparılan islahatlar, müxtəlif istiqamətlərdə görülən işlər barədə qonağa məlumat verib. Direktor əməkdaşlığın genişləndirilməsi üçün mübadilə layihələrinin həyata keçirilməsinin, sərgilərin təşkilinin, hər iki ölkənin kitabxanaları arasında əlaqələrin qurulmasının önəmini qeyd edib.

Səfir T.Komekov Türkmənistanın son illərdə keçdiyi inkişaf yolundan, ölkələrimiz arasında əlaqələrdən danışıb. Diplomat iki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də fəal əməkdaşlığın olduğunu vurğulayıb. AMEA ilə sıx əlaqələrdən söz açan T.Komekov ötən il səfirliyinin dəstəyi ilə akademiyanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda türkmən şairi və filosofu Məhtumqulu Fərağinin 290 illiyinə həsr olunan tədbirdən, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündən də bəhs edib.

Sonra səfir kitabxananın sərgi və akademiklər zalında, Şərq ədəbiyyatı və əsas kitab fondlarında olub. Şərq ədəbiyyatı fondunda türkmən ədəbiyyatının görkəmli ədəbi simalarının həyat və yaradıcılığı ilə bağlı bölmə diplomatın xüsusi marağını cəlb edib.

Sonda T.Komekov müəllifi olduğu “Türkmənistan: sülh və inkişaf strategiyası” (“Turkmenistan: strateqiya mira i razvitiya”) kitabını, Türkmənistanın milli xalçaçılıq ənənələrini əks etdirən, qədim xalça nümunələrinin fotolarından ibarət “Canlı əfsanə” kitabını və digər nəşrləri MEK-ə hədiyyə edib.

Görüşdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq sazişinin imzalanması barədə razılıq əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi