Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları bu ölkənin mədəniyyət və turizm attaşesi İlker Özkanın rəhbərliyi altında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) “Azərbaycan” pavilyonunu ziyarət ediblər.
“Report”un Rusiya bürosu xəbər verir ki, pavilyona Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Poliqrafiya və Kitabxanalar İdarəsinin TEDA layihəsinin dəstəyi ilə türkiyəli yazarların Azərbaycan dilinə tərcümə olunmuş kitabları hədiyyə edilib.
Pavilyonun direktoru Səadət Kadırova Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: “Türkiyə Azərbaycanın əsas müttəfiqidir və biz ölkəmizə olan dəstəyi yüksək qiymətləndiririk. Belə səfərlər dostluq münasibətlərimizi möhkəmləndirir. Bu gün Türkiyə səfirliyi məşhur türkiyəli yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını hədiyyə edib. Belə bir aksiyanın faydalı olduğunu düşünürəm. Qonaqlarımızın “Azərbaycan” pavilyonundan məmnun olması çox gözəl idi”.
İ.Özkan da Azərbaycanın Türkiyə üçün qardaş ölkə olduğunu bildirib: “Biz pavilyonu böyük heyranlıqla nəzərdən keçirdik. Fəxr edirik ki, türkiyəli müəlliflərin kitablarını “Azərbaycan” pavilyonunun kitabxanasına hədiyyə etmək imkanımız var”.