Bakı. 6 iyun. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslanın səlahiyyət müddəti başa çatır. O, "Report"a açıqlamasında deyib ki, iyunun 27-də Bakını tərk edəcək.
Bir neçə ildir Azərbaycanda işlədiyini qeyd edən S.Ə.Arslan bildirib ki, Bakıdan xoş xatirələrlə ayrılır.
O deyib ki, Bakıda çalışdığı müddətdə Türkiyə ilə Azərbaycan arasında mədəni münasibətlərin möhkəmlənməsi və bu sahədə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərib: "Bakıda olduğum müddətdə Azərbaycanın mədəni həyatında baş verən hadisələri yaxından izlədim, ölkənin zəngin mədəniyyəti, musiqisi ilə tanış oldum. Yunus Əmrə "Bu dünya pəncərədir, hər kəs baxdı keçdi", - deyib. Ümid edirəm ki, pəncərə kimi gördüyümüz və ani olaraq baxıb keçdiyimiz dünyada özümüzdən sonra yaxşı izlər qoya biləcəyik".