Teatr və kinoteartlar uzun fasilədən sonra açılır: hazırlıq işləri necə gedir?

Teatr və kinoteartlar uzun fasilədən sonra açılır: hazırlıq işləri necə gedir? Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olunur. Amma bu, müəyyən məhdudiyyətlərlə nəzərdə tutulub. Belə ki, zalların ümumi tutumunun 50 faizin
Mədəniyyət siyasəti
29 Sentyabr , 2021 13:37
Teatr və kinoteartlar uzun fasilədən sonra açılır: hazırlıq işləri necə gedir?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən konfrans, konsert zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa olunur. Amma bu, müəyyən məhdudiyyətlərlə nəzərdə tutulub. Belə ki, zalların ümumi tutumunun 50 faizindən çox doldurulması qadağan olunub.

“Report”un əməkdaşı bir neçə kinoteatr və teatrla əlaqə saxlayıb, açılışa hazırlıq işlərinin gedişi ilə maraqlanıb.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, mədəniyyət ocağında tamaşaların göstərilməsi oktyabrın 15-dən sonraya planlaşdırılır: “Həmin tarixə qədər tamaşalar yenidən məşq ediləcək. Oktyabrın 15-dən sonra artıq tamaşaların nümayişini həyata keçirəcəyik. Karantindən qabaq “Filumena Marturano” tamaşamız yarımçıq qalmışdı. Tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb. Biz premyeranı keçirməyi düşünürdük, təəssüf ki, mümkün olmadı. İlk işlərdən biri həmin tamaşanın yenidən məşqlərinin başlaması və premyerasının olmasıdır. Eyni zamanda bizim zəfərlə bağlı bir tamaşamız nəzərdə tutulub. Artıq işlər tam qaydasına düşdükdən və köhnə tamaşalar bərpa ediləndən sonra yeni tamaşalar haqqında düşünəcəyik. İnanıram ki, onlar da tamaşaçılarımız tərəfindən məmnuniyyətlə qarşılanacaq”.

Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova vurğulayıb ki, artıq tamaşaların məşqlərinə başlanılıb: “Əvvəlcə məşq və aktyorların hazırlıq prosesi olacaq. Tamaşa planı qurulacaq. Oktyabr ayının məşq planı hazırlanıb. İki yeni tamaşa və köhnə tamaşaların səhnə məşqləri olacaq. Oktyabrın 1-dən teatrsevərlərimizə tamaşalarımızı təqdim edəcəyik. Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bildirib ki, Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalı çərçivəsində teatrda iki tamaşa göstərilib: “Leyli və Məcnun” və Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdirildi. Artıq qərar da verildiyinə görə pandemiya tələblərinə uyğun olaraq, fəaliyyətimizi davam etdirəcəyik. Hələlik oktyabr ayı üçün repertuar hazılanmayıb. Amma qarşıdakı günlərdə rəsmi elan olunacaq. Yəqin ki, ilk tamaşamızı oktyabrın 7-dən sonra göstərəcəyik. Onu da qeyd edim ki, bizim balet truppamız iki yeni tamaşa üzərində işləyir və tamamlamaq üzrədilər. Yaxın zamanlarda Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar Fikrət Əmirovun “Nizami baleti”nin primyerası olacaq. Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin üzərində də son tamamlama işləri gedir. Onun da premyerası olacaq”.

Şəki Dövlət Dram Teatrından bildirilib ki, mədəniyyət ocağı yeni əsərlərin tamaşaya qoyulması ilə bağlı işləri sürətləndirib: "Teatrda ilin sonuna qədər iki əsər məşhur İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli Hadisə” ( rejissor Orxan Həmidli) və çex yazıçısı Karel Çapekin məşhur “Ana” (baş rejissor Mirbala Səlimli) əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusunda yazılan dünyanın ən məşhur əsərlərindən olan “Ana” əsəri həm də 44 günlük vətən müharibəsinə həsr olunub. Ən qısa zamanda ərsəyə gətirilməsi planlaşdırılan səhnə əsərləri uzun müddət teatrdan uzaq qalan tamaşaçıların da ürəyincə olacaq. Ötən müddət ərzində teatr kollektivinin 80%-dən çoxu peyvənd olunaraq COVID-19 pasportu alıb. Qeyd edək ki, xüsusi karantin rejimi çərçivəsində yumuşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50% artım olacağı da gözləniləndir".

"Cinemaplus” kinoteatrlar şəbəkəsinin marketinq direktoru Nara Həsənova qeyd edib ki, oktyabrın 1-i üçün hazırlıqlar həyata keçirilir: “Repertuarımız oktyabrın 1-nə yaxın hazır olacaq. Bizim kinoteatrların çoxu iri ticarət mərkəzlərinin içində yerləşdiyi üçün biz tamaşaçılardan COVID-19 pasportu tələb etməyəcəyik. Çünki artıq ticarət mərkəzinə girəndə onlar pasportları göstəriblər. Kinolardan sonra zallar dezinfeksiya ediləcək. Həmçinin zalların 50 faizindən çox olmaması tələbinə əməl olunacaq”.

"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev deyib ki, kinoteatrda təmizlik və texniki işlər başlanılıb: “Oktyabrın 1-dən fəaliyyətimizi bərpa edirik. Hazırda repertuarla bağlı məsələlər dəqiqləşdirilir. Hazır olduqda veb saytımıza qoyulacaq. Girişdə tamaşaçılardan COVID-19 pasportu ilə birgə şəxsiyyət vəsiqəsi də tələb olunacaq”.

Aytac Bağırlı
Aytac Bağırlı

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı bildirib ki, proqram üzrə hazırlıq işləri gedir: “Repertuarımız hələ dəqiqləşməyib. Konsert zalı dezinfeksiya edilib, konsertlərdən sonra da ediləcək. Saraya giriş yalnız COVID-19 pasportu ilə olacaq. Zalda tamaşaçılar arasında məsafə qorunacaq”.

Qeyd edək ki, koronavirus epidemiyası təhlükəsinə görə ötən il martın 7-də Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələrinin fəaliyyəti dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi