Gürcüstanın Qadınlar Birliyinin təşkilatçılığı ilə Tbilisidə Ukraynaya “Müharibəyə yox” şüarlı dəstək tədbiri keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Milli Parlament Kitabxanasının zalında Tbilisi meriyasının dəstəyi ilə baş tutan tədbirin məqsədi tolerantlıq, dinc birgəyaşayışın və millətlərarası dialoqun təşviqi olub.
Mərasimdə Gürcüstanda yaşayan milli azlıqlar və diaspor nümayəndələri 12 guşədə özlərinə məxsus milli mədəniyyət nümunələrini təqdim ediblər.
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin guşəsi rəngarəngliyi ilə seçilib. Burada Azərbaycan xalçaları, milli musiqi alətləri, məişət əşyaları, şirniyyat nümunələri və müxtəlif mövzularda kitablar sərgilənib. Mərkəzin direktor müavini Leyla Əliyeva qonaqlara sərgilənən nümunələr barədə məlumat verib.
Hər guşədə yer alan milli mətbəx və şirniyyat nümunələri daha sonra beynəlmiləl süfrədə yerləşdirilib.
Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova çıxış edərək gürcü və Azərbaycan xalqları arasında tarixi dostluq və mədəni əlaqələrdən danışıb. Tədbirin bədii hissəsində iştirakçılar müxtəlif rəqs və mahnı nümunələrini təqdim ediblər. Aşıq Nargilə Mehtiyeva gürcü pianoçunun müşayiəti ilə “Laylay” və “Sarı gəlin” xalq mahnısını ifa edib.
Qonaqlar Azərbaycan guşəsi və milli mahnılarımızı rəğbət və maraqla qarşılayıblar.