Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi iki ölkə arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni üfüqlər açır.
“Report” xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko Bakıda IX İtaliya mətbəxi həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Diplomat əlavə edib ki, Azərbaycanla əməkdaşlıq fəal şəkildə inkişaf edir:
“Mətbəx həftələri təkcə mədəniyyətimizin nümayişi üçün platforma deyil, həm də İtaliya ilə Azərbaycan arasında iqtisadi və ticari əlaqələri gücləndirmək üçün əla fürsət ola bilər. Təqdim olunan hər bir məhsulun arxasında İtaliya və onun iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən iqtisadi sektor dayanır".
L.Canfrançesko vurğulayıb ki, aqrobiznes İtaliya iqtisadiyyatının mühüm sektorudur:
"Təkcə 2023-cü ildə İtaliyanın kənd təsərrüfatı məhsullarının ixracı dünya üzrə 64 milyard avronu keçib ki, bu da əvvəlki illə müqayisədə 6 % çoxdur”.
O qeyd edib ki, Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi lap yerinə düşür:
“Çünki İtaliya mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi hazırda fəal şəkildə təbliğ olunur”.