Yuxarı
    Bağlamaq

    San Dieqo şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib

    Konsert böyük marağa səbəb olub

    Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar konsert təşkil olunub.

    Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, konsert San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilib.

    Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, bu əlamətdar günün önəmindən bəhs edib. Diplomat, Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışıb. N.Ağayev bildirib ki, ümummilli liderin Azərbaycanın inkişafı strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, Azərbaycan bütün sahələrdə günü-gündən daha da qüdrətlənir, həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur.

    Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, son 25 il ərzində Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. "Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.”

    San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək, Bakı ilə San Dieqo arasındakı münasibətlərinin getdikcə daha da sıxlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan olunmasına dair bəyannaməni təqdim edib.

    Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanan, Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

    Daha sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi müxtəlif xalq rəqsləri nümayiş etdirilib.

    Həmçinin, Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.

    Konsertdən sonra San Dieqonun siyasi-ictimai xadimlərinin, eləcə də San Dieqoda yaşayan Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirak etdiyi ziyafət verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi