Şahzadə Harri və Meqan Markl BBC-ni qızları Lilibet Diana haqqında faktları təhrif etməkdə ittiham ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, Sasseks hersoqu və hersoginyasının mətbuatda yayılan bəyanatında qeyd edilir ki, Lilibet adından istifadə edərkən monarxla məsləhətləşmədikləri barədə məlumat iftiradır.
Qızları dünyaya gəldikdən sonra Harri və Meqan bildirmişdilər ki, Lili öz böyük nənəsinin, ailədaxili ləqəbi Lilibet olan Əlahəzrət Kraliçanın şərəfinə adlandırılıb. İkinci adı olan Diana isə onun mərhum nənəsi, Uels şahzadəsinin şərəfinə seçilib.
“Məqalə səhvdir, orada iftira var. Qeyd olunan ittihamlar təkrarlanmamalıdır”, - bəyanatda deyilir. “Adı elan etməzdən əvvəl Hersoq öz ailəsi ilə danışıb. Onun faktiki olaraq, zəng etdiyi ilk ailə üzvü məhz nənəsi olub. Bu söhbət zamanı o, öz qızını nənəsinin şərəfinə Lilibet adlandırmaq istəyini ifadə edib. Əgər kraliça bunu dəstəkləməsəydi, bu addan istifadə edilməzdi”, - müraciətdə deyilir.