Yuxarı

Rumıniya şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilib

2021-ci ildə Timişoarada 10-15 min mədəniyyət tədbiri olacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Rumıniyanın Timişoara şəhəri 2021-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının eksperlərindən ibarət beynəlxalq münsiflər heyətinin rəhbəri Stiv Qrin Rumıniya Milli Kitabxanasında keçirilən mətbuat konfransında məlumat verib.

Sentyabrın 15-də və 16-da namizəd şəhərlər - Baya Mare, Buxarest, Kluj-Napoka və Timişoara arasında yekun seçim edilib.

"Yaradıcı Avropa" proqramının Koordinasiya Komitəsinin rəhbəri Karel Bartak bildirib ki, bu müsabiqə qitədə ən böyük mədəniyyət hadisələrindən birinə çevrilib. O, müsabiqənin mədəniyyətlərarası dialoq, Avropa şəhərlərinin dünyaya açıqlığı əsasında keçirildiyini söyləyib.

Timişoara meri Nikolae Robu isə öz növbəsində, 2021-ci ildə keçiriləcək tədbirlər üçün 48,5 milyon avro məbləğində vəsait ayrıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu vəsait şəhər, mahal və mərkəzi büdcədən, həmçinin Avropa Komissiyasının büdcəsindən ayrılacaq.

Timişoaranın inzibati mərkəzi olduğu tarixi Banat əyalətinin eyniadlı filarmoniyasının direktoru İoan Koriolan Qerboni 2021-ci ildə şəhərdə 10-15 min mədəniyyət tədbirinin - sərgilər, tamaşalar və konsertlərin təşkil ediləcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi