Yuxarı

Parlamentdə “Şərq nağılı” festivalının iştirakçıları ilə görüş keçirilib

Görüşdə komitə sədrləri Hadi Rəcəbli, Aqiyə Naxçıvanlı, Fuad Muradov, deputat Çingiz Qənizadə iştirak ediblər

Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Məclisdə Bakıda keçirilən əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə görüş keçirilib.

“Report”un xəbərinə görə, görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Çingiz Qənizadə, universitet rektorları və festivalın xaricdən olan qonaqları iştirak ediblər.

Komitə sədri H.Rəcəbli Azərbaycanda sağlamlıq imkanları məhdud insanlarla bağlı son illər ərzində görülən işlər barəsində məlumat verib. Deputat bildirib ki, dövlətin bu insanlara olan diqqət və qayğısı sayəsində həmin şəxslərin yaşayış şəraiti yaxşılaşdırılıb və bu istiqamətdə görülən işlər hazırda da davam etdirilir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda sağlamlıq imkanları məhdud insanlarla bağlı qanunvericilik bazasının formalaşdırılması və yenilənməsi üçün müxtəlif ölkələrin təcrübələri öyrənilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda son illər ərzində inkluziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir: “Bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanlar özləri cəmiyyətdən təcrid olunmuş hesab etmirlər. Onlarla bağlı qanunvericiliyə xeyli əlavə və dəyişikliklər edilib”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, qeyd edilən məsələ ilə bağlı əsas iş qanunvericilik bazasının bütün təbəqələri üçün əlçatanlığının təmin edilməsidir: “Azərbaycanın sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan qanunvericilik bazası Avropa standartlarına cavab verir”. 

Komitə sədri qeyd edib ki, sağlamlıq imkanları məhdud insanların aktiv həyata cəlbi çox vacib məslədir: “Belə insanların mobilliyi artdıqca onların problemlərini bir o qədər dərindən öyrənmək mümkün olur”.

Qeyd edək ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabrın 21-də Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı işə başlayıb. Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi