Fransanın paytaxtı Parisdə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə caz konserti təşkil edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan – Fransa Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Azərbaycanın Fransadakı səfirliyi Leyla Abdullayeva, Fransanın Azərbaycanda sabiq səfiri Jan-Pyer Günüt, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətindən danışılıb.
Azərbaycan – Fransa Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye Menil həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu vurğulayıb.
Konsertdə azərbaycanlı pianoçu Elçin Şirinov Azərbaycan caz musiqilərini ifa edib. Onu kontrabasda Yoni Zelnik, zərb alətlərində Karl Yannuska müşayiət ediblər.
Fransalı müğənni Elya Tayeb Sara Qədimovanın "Küsüb getdi" mahnısını ifa edib.