"Gənclər üçün Maliyyə Savadlılığı Proqramı" təqdim olunub

Daxili siyasət
  • 26 noyabr, 2026
  • 16:10
Gənclər üçün Maliyyə Savadlılığı Proqramı təqdim olunub

Gənclər Fondu və Azərbaycan Banklar Assosiasiyası gənclərin maliyyə savadlılığının artırılması, məsuliyyətli maliyyə davranışlarının formalaşdırılması, müasir maliyyə xidmətləri və imkanları üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində "Gənclər üçün Maliyyə Savadlılığı Proqramı"na start verib.

"Report" xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, bank və maliyyə sektorunun, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış ediblər.

Çıxışlarda bu təşəbbüsün gənclərin maliyyə sektorundakı yeniliklər və müasir tendensiyalar barədə məlumatlılığının artırılmasına, maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də məsuliyyətli maliyyə davranışlarının formalaşdırılmasına xidmət edəcəyi vurğulanıb.

Proqram çərçivəsində keçirilən təlimlər və interaktiv fəaliyyətlər vasitəsilə gənclərin şəxsi büdcənin idarə edilməsi, yığım və investisiya, rəqəmsal bankçılıq və maliyyə təhlükəsizliyi, məsuliyyətli borclanma, maliyyə istehlakçılarının hüquqları, eləcə də müasir və alternativ maliyyələşmə imkanları üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

44 filmi