Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi qeyd olunub

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi qeyd olunub Parisdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinə həsr edilmiş konsert proqramı keçirilib.
Mədəniyyət siyasəti
25 May , 2022 13:49
Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi qeyd olunub

Parisdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinə həsr edilmiş konsert proqramı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assossiasiyasının (ADA) təşkilatçılığı ilə baş tutub.

Konsertdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova, Türkiyənin Fransadakı səfiri Əli Onaner, ADA-nın təsisçisi və Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, jurnalistlər habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva çıxış edərək ADA-nın prezidenti, deputat Jerom Lamberin təbriklərini qonaqlara və bütün Azərbaycan xalqına çatdırıb, assosiasiyanın gələcək layihələri haqqında iştirakçılara ətraflı məlumat verib.

Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova 104 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, ilk demokratik təsisatların, çoxmillətli və inklüziv parlamentin əsasının qoyulduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin "Şuşa İli” elan edildiyini də qonaqların diqqətinə çatdırıb, işğaldan azad edildiyindən sonra bu qədim şəhərin sürətlə yeni intibah dövrünə daxil olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində qonaqlara Azərbaycanın Xalq artisti, Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva və Könül Hüseynovanın (piano) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, habelə Könül Hüseynovanın, Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim”, Üzeyir Hacibəylinin “Arşın mal alan”, “Sevgili canan”, Müslüm Maqomayevin “Azərbaycan” və digər musiqilər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi