​Prezident İlham Əliyev Nəriman Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

​Prezident İlham Əliyev Nəriman Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb "Nəriman Həbib oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq"
Mədəniyyət siyasəti
6 Aprel , 2015 18:30
​Prezident İlham Əliyev Nəriman Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar Nəriman Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

“Report”un xəbərinə görə, nekroloq mətnində deyilir:

Azərbaycanın musiqi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti Nəriman Həbib oğlu Məmmədov 2015-ci il aprel ayının 6-da ömrünün 88-ci ilində vəfat edib.

Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951–1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956–1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb.

1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946–1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, 1947–1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyib. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrini tutub.

Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf edib.

Milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini ömrü boyu diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri vardır. Onun yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti həmişə cəlb edib. Nəriman Məmmədov sənətinin ən yaxşı keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə verib. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.

Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirib. Səhnə əsərlərinə də böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazıb. Nəriman Məmmədov xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olub. Dərin obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirə layiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini verib.

Tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Nəriman Həbib oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Akif Əlizadə

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Mikayıl Cabbarov

Arif Məlikov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Oqtay Zülfüqarov

Azər Rzayev

Tofiq Bakıxanov

Ramiz Mirişli

Xəyyam Mirzəzadə

Ramiz Zöhrabov

Ərtegin Salamzadə

Son xəbərlər

Orphus sistemi