Moskvada A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Azərbaycan-Rusiya musiqi və poeziya gecəsi keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, RAGB sədri Ceyhun Hüseynov qeyd edib ki, tədbirin bu muzeydə keçirilməsi təsadüfi deyil.
“Birliyimizin fəxri sədri Leyla Əliyeva Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi “Puşkin” ordeninin sahibidir. Aleksandr Sergeyeviç Puşkin böyük rus şairidir. Buna görə də bu tədbir məhz A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində keçirilməli idi. Əsas məqsədlərindən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyası və Azərbaycan mədəniyyətinin, həmçinin tarixi irsinin Rusiya ictimaiyyətində təbliği olan Rusiya Azərbaycanlı Gənclər Birliyi bugünkü tədbiri təşkil edib”, - o vurğulayıb.
Tədbirin iştirakçıları Nizami Gəncəvinin, Rəsul Rzanın, Aleksandr Puşkinin, Sergey Yeseninin, Fikrət Əmirovun, Müslüm Maqomayevin və başqalarının əsərlərini ifa ediblər.