Los-Ancelesdə bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib - FOTOLAR - VİDEO

Los-Ancelesdə bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib - FOTOLAR - VİDEO Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası ABŞ-ın Los-Anceles şəhərində yerləşən, dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən olan “Walt Disney Concert Hall”-da gerçəkləşdirilib.
Mədəniyyət siyasəti
23 İyul , 2019 10:30
Los-Ancelesdə bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib - FOTOLAR - VİDEO

Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası ABŞ-ın Los-Anceles şəhərində yerləşən, dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən olan “Walt Disney Concert Hall”-da gerçəkləşdirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, Baş Konsulluğun dəstəyilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub.

F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

22 ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət “iPalpiti” Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.

Konsertdə 2 mindən çox los-ancelesli klassik musiqisevərlər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayənədələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində bir sıra ABŞ mətbu orqanlarında, o cümlədən “Los-Angeles Times” qəzetində F.Əlizadənin əsərinin premyerası haqda məqalələr dərc olunub.

Tədbirdən öncə qonaqlara Azərbaycan və F.Əlizadə haqqında məlumatları özündə əks etdirən broşürlər paylanılıb. Böroşürdə ölkənin zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və qədim tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğu və ilk dəfə qadınlara seçki hüququ verdiyi, müsəlman dünyasında ilk opera, operetta və baletin vətəninin də Azərbaycan olduğu qeyd olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə öz təbrik mesajında F.Əlizadənin bəstəsi olan və ilk dəfə olaraq səsləndirilən “Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğu və mehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdyini vurğulayıb.

Broşürdə həmçinin bəstəkar F.Əlizadənin yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərlərinin dünyaca məşhur “Kronos Quarteti”, “Yo-Yo Ma”, “Berlin Philharmonic”, “Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçilər tərəfindən ifa edildiyi qeyd olunub.

Tamaşaçıların zövqünü oxşayan əsər gurultulu və sürəkli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi bir daha los ancelesli musiqisevərlərin qəlbini fəth edib.

Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.

Son xəbərlər

Orphus sistemi