Taras Şevçenko adına Kiyev Milli Universiteti AXC-nin səfiri olmuş Yusif Vəzir Çəmənzəminlinin xatirəsini əbədiləşdirəcək.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov məlumat verib.
“Bir vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti ilə Ukrayna Xalq Respublikası arasında diplomatik münasibətlər olub və AXC-nin Ukraynadakı səfiri Yusif Vəzir Çəmənzəminli idi. O, həqiqətən görkəmli insan olub və hazırda biz Azərbaycan Respublikasının Səfirliyi ilə onun adını daşıyan auditoriyanın yaradılması üzərində çalışırıq. Bizdə auditoriyaları görkəmli şəxsiyyətlərin şərəfinə adlandırmaq ənənəsi mövcuddur. Səfirliklə birlikdə onun həyatının, elmi işlərinin və diplomatik karyerasının əks olunduğu materiallar hazırlayırıq. Diplomatik münasibətlərin bərpasının 30 illiyi münasibətilə universitetin Qırmızı korpusunda auditoriyanın təntənəli açılışını keçirməklə bağlı səfirliklə razılığa gəlmişik”, - V.Buqrov deyib.
O həmçinin bildirib ki, Filologiya İnstitutunda Azərbaycan dili mərkəzinin açılması ilə bağlı danışıqlar gedir.