Yuxarı

Kannda “Azərbaycan musiqi gecəsi” təşkil edilib

Konsert proqramı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Kannda keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.

"Report"un məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsert proqramında Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış oldular. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotoqraflarının çəkdiyi şəkillərin də yer aldığı sərgidə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, Oyunlar zamanı müxtəlif idman yarışlarında lentə alınan ən maraqlı məqamlar ziyarətçilərin diqqətinə çatdırıldı. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edildi.

Kannın Festivallar sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verdi. Kann şəhər merinin müavini, Kann Festival sarayının prezidenti xanım Ann Reks bugünkü tədbirin əhəmiyyətini vurğuladı. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”,-deyən şəhər merinin müavini Azərbaycan mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd etdi. Ann Reks bildirdi ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırlatdı, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu dedi. Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışdı, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini söylədi. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirdi.

Sonra konsert proqramı başladı.

Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olundu.

Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada təbliği baxımından tarixi layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif ölkələrdə tədbirlər keçirilir, bu cür gecələr və konsert proqramları təşkil edilir. Fransa və onun regionlarında da mədəniyyətimiz və incəsənətimizin təbliği ilə bağlı mühüm işlər görən Heydər Əliyev Fondu yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günlərini təşkil edir. Bu tədbirlər Fondun Azərbaycanın özünəməxsus mədəni dəyərlərinin dünyada təbliği üçün gördüyü işlərin bir hissəsidir.

“Azərbaycan musiqi gecəsi” bir-birindən maraqlı nömrələrlə müşayiət olundu və Festivallar Sarayına toplaşan hər bir insanın qəlbinə yol tapdı. Təqdim edilən ifalar alqışlarla qarşılandı.

Təşkil edilən gecə bir daha sübut etdi ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı Kannda bu il həyata keçirdiyi tədbirlər də çox uğurla baş tutdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi