Yuxarı

İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert olub

Səfir Əkrəm Zeynallı bayramın tarixçəsi barədə məlumat verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bern şəhərinin ən məşhur konsert salonlarından olan Kursaalda Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı və ARDNŞ-nin İsveçrə nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib. 

Azərbaycanın İsveçrədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə İsveçrənin dövlət orqanlarının nümayəndələri, deputatlar, diplomatik korpusun rəhbərləri və üzvləri, şirkət rəhbərləri, Bernin tanınmış simaları, o cümlədən İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının tarixçəsi barədə qonaqlara məlumat verib, bu birliyin qurulması istiqamətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gördüyü işlər barədə danışıb. Səfir həmçinin 2014-cü il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salıb, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə gücləndiyini vurğulayıb. O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyinə inamını bildirərək, Azərbaycanın təkcə karbohidrogen ehtiyatlarla deyil, həmçinin zəngin mədəni irsə malik olduğunu qeyd edib, Azərbaycan musiqisi barədə qonaqlara geniş məlumat verib.

Daha sonra səfir Ə.Zeynallı Azərbaycanın mədəni irsinin incilərindən sayılan muğam-caz janrı barədə danışaraq, qonaqları bu üslubun layiqli davamçılarından sayılan “Emil Məmmədov (Əfrasiyab) və dostları” qrupunun ifasında tanış olmağa dəvət edib. Tədbirdə ABŞ-dan Emil Məmmədov (piano), Alexandre Madeline (Saksafon), Raphael Pannier (zərb alətləri) və Antoine Katz (bass-gitara), Azərbaycandan muğam ifaçıları xalq artisti Teyyub Aslanov və əməkdar artist Arzu Əliyeva, əməkdar artist Malik Mansurov (tar), əməkdar artist Şirzad Fətəliyev (balaban, tütək, zurna), Kamran Kərimov (nağara) çıxış ediblər. “İki Dünya” adlanan konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Bayram tədbiri konsert proqramından sonra təşkil edilmiş rəsmi ziyafətlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi