İstanbulda Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə simpozium keçirilib

İstanbulda Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə simpozium keçirilib İstanbulda tanınmış Azərbaycan mütəfəkkiri, şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi imünasibətilə simpozium keçirilib.
Mədəniyyət siyasəti
25 Noyabr , 2022 17:00
İstanbulda Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə simpozium keçirilib

İstanbulda tanınmış Azərbaycan mütəfəkkiri, şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi imünasibətilə simpozium keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir İstanbul Universitetinin ədəbiyyat fakültəsində təşkil olunub.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva simpoziumun rəsmi açılış mərasimində çıxışı zamanı ölkəsinin bir çox sahələrdə olduğu kimi, ədəbiyyatı ilə də dünyada tanındığını vurğulayıb. Hüseyn Cavid yaradıcılığından bəhs edən diplomat şairin əsərlərində insan faktorunun, türkçülük və milliyətçiliyin vacib yer tutduğunu bildirib.

İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal bu ali təhsil müəssisəsinin ədəbiyyat fakültəsinin türklük, xüsusilə də Azərbaycanla bağlı saysız tədbirlərə imza atdığını diqqətə çatdırıb. Hüseyn Cavid kimi yazıçıların türk dünyasının birliyi, qardaşlığı uğrunda gördüyü əvəzsiz işlərə toxunan professor yazıçının vətəni olan Naxçıvanı türk dünyasını birləşdirən bir yol olmaqla yanaşı, həm də bu birlik adına böyük işlər görən dahi şəxsiyyətlər yetişdirdiyini deyib.

Prorektor Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən biri olduğunu qeyd edib.

Simpozium məruzələrlə davam etdirilib.

İstanbul Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Marmara Universitetinin müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı, ədibin əsərləri və türk dünyası üçün gördüyü əvəzsiz xidmətlərini özündə əks etdirən məruzələri dinlənilib.

Məruzələrdə bildirilib ki, üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu gün də Hüseyn Cavidin əsərlərinin sevilərək oxunması və şairin yaradıcılığının öyrənilməsi bunun ən böyük sübutudur.

Ədibin həyatının bəzi məqamlarına xüsusi toxunulan çıxışlarda şairin İstanbul Universitetində təhsil aldığı illər haqqında da bəhs olunub.

Qeyd edilib ki, Hüseyn Cavidin erməni əsilli hakimin qarşısına çıxarıldıqda İstanbul Universitetində təhsil aldığı müəllimləri ilə bağlı verdiyi tam və dəqiq məlumat onun universitet illərinin öyrənilməsinə işıq tutub.

Sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısametrajlı bədii film nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mərasimdə Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı aktrisa Nigar Bahadırqızı şairin şeirlərini səsləndiriblər.

Sonra Xalq artisti Əlixan Səmədov və Türkiyədə yaşayan həmvətənimiz Elgün Quliyevin ifasında Azərbaycan musiqiləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi