Yuxarı

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb

Azərbaycanlı rejissorun ekranlaşdırdığı film Milli Mükafata layiq görülüb

Bakı. 3 iyun. REPORT.AZ/ III Bakı Beynəlxalq Turizm Filmləri festivalı başa çatıb. 

“Report” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-4-də baş tutan tədbirin yekuni olaraq qaliblər mükafatlandırılıb. 

Festivalda 5 kateqoriya üzrə mükafatlar sahiblərinə təqdim edilib və hər kateqoriya üzrə 3 qalib seçilib. Onların arasında Türkiyə, Gürcüstan, Rusiya, İrlandiya, Portuqaliya, Böyük Britaniya, Yunanıstan və Azərbaycan əsas mükafatları qazanıblar. 

Festivalın Qran-pri mükafatına xorvatiyalı rejissor Herve Tirmarşenin “Dubrovnik və Zaman” filmi layiq görülüb. Mükafatı sənət adamına Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Milli Mükafatı isə azərbaycanlı rejissor Rüfət Kərimzadənin ekranlaşdırdığı "Yurdum" adlı film qazanıb. 

Müsabiqədə “Ölkə, region, şəhər” nominasiyası üzrə birinci yeri banqladeşli rejissor Qiyasuddin Səlimin “Çaylar diyarı” filmi, ikinci yeri gürcüstanlı rejissor Beqa Jquburianın “Gürcüstanda qış” filmi tutub.

“Mədəniyyət, ənənə” kateqoriyasında birinci yerə rejissor Tofiq Şahverdiyevin “Lahıc” filmi, ikinci yerə irlandiyalı rejissor Peddi Heysin “Monqol rapsodiyası”, üçüncü yerə isə rusiyalı rejissor Andrey Titovun “Ədəbiyyat mərkəzi. Əfsanə” filmi layiq görülüb.

“Reklam filmləri” nominasiyasında qalib Polşa rejissoru Corc van der Ueydenin ekranlaşdırdığı “Polşa Rivierası” filmi olub.

“Turizm xidmətləri” kateqoriyasında isə birinciliyi Böyük Britaniya rejissoru Alesteyr Liynin lentə aldığı “Sitadel” adlı filmi əldə edib.

Nəhayət, sonuncu nominasiyada – “TV filmləri” kateqoriyasında Baham adalarından olan rejissor Brayan Smokerin “Səyyah: Ritmik Nassau” filmi qalib gəlib. Çexiyaslı rejissor Libor Spacekin “Papua Yeni Qvineyaya qaçış” və rusiyalı rejissor Mixail Deqtyarın “Bakı, Azərbaycan” filmləri isə bu nominasiyada ikinci və üçüncü yerləri bölüşüb.

Sonda xorvat rejissorun “Dubrovnik və Zaman” filminə baxış olub.

Qeyd edək ki, festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Həmin ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var. Seçim komissiyası 28 ölkədən 78 filmi müsabiqə proqramına daxil edib. Seçilən filmlər ölkə, region, şəhər, mədəniyyət, ənənə, reklam filmləri, ekoloji turizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışıblar. 

Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edib. Heyətə Azərbaycandan həmçinin Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi