İstanbul. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulun “Yəhya Kəmal Mədəniyyət Mərkəzi"ndə konsert proqramı ilə çıxış edib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, "Hazarfem" dərnəyinin və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı, habelə Mədəniyyət və Turizm Nazirliyinin, İstanbulun Küçükçəkməcə Bələdiyyəsinin dəstəyi ilə keçirilən proqram Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub.
"Mənim Azərbaycan"ım adlı konsert proqramı Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli xoreoqraf Dikalu Muzakayev tərəfindən idarə olunub. Proqramda Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev, Küçüküçəkməcə Bələdiyyəsinin rəbərləri, valisi, türkiyəli deputatlar, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, ziyalılar, elm adamları və İstanbulda yaşayan həmvətənlərimiz iştirak edib.
İki hissədən ibarət konsert proqramında xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyov, Emin Sabitoğlu və digər görkəmli bəstəkarların əsərləri əsasında səhnələşdirlimiş rəqslər təqdim olunub. "Arşın mal alan", "Gənclik", "Tərəkəmə", "Çayçı", "Toy", "Bahar", "Ağ çiçək", "Yaylıqlarla lirik rəqs" və "Koroğlu" dastanının motivləri əsasında hazırlanan balet tamaşaçılar tərəfidən gurultulu alqışlarla qarşılanıb.
Vüsalə Abbasova