Gürcüstanda Nəriman Nərimanova qarşı 30 ildir davam edən laqeydlik - FOTO - REPORTAJ

Gürcüstanda Nəriman Nərimanova qarşı 30 ildir davam edən laqeydlik - FOTO - REPORTAJ Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli qəzalı vəziyyətdədir.
Mədəniyyət siyasəti
16 Aprel , 2019 15:42
Gürcüstanda Nəriman Nərimanova qarşı 30 ildir davam edən laqeydlik - FOTO - REPORTAJ

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən heykəli qəzalı vəziyyətdədir.

“Report”un yerli bürosu xəbər verir ki, azərbaycanlıların sıx yaşadığı rayonun Rustaveli küçəsindəki parkda ucaldılan abidə toz və çirk içində olmaqla yanaşı, postamentində də çatlar əmələ gəlib.

1980-ci illərin əvvələrində qoyulan monumentdə bu günə qədər heç bir əsaslı təmir-bərpa və abadlıq işləri aparılmayıb. Heykəlin yerləşdiyi park da uzun illərdir ki, baxımsız vəziyyətdədir. Parkın daş döşəməsi bəzi yerlərdə dağılıb, fontan və yelləncəklər işləmir, skamyalar, fənərlər və zibil qutuları köhnəlib. Fontanın ətrafının daş lövhələri uçulub-dağılıb, hovuz hissəsinin yerində ot örtüyü əmələ gəlib. Fontan ərazisində zibil qalıqlarına da rast gəlmək olur.

Parkda Mədəniyyət Evi də yerləşir və buranın da təmir-bərpaya ehtiyacı var. Mədəniyyət Evi rəsmi olaraq N.Nərimanovun adını daşımasa da, binanın üzərində köhnəlmiş və çətinliklə oxunan lövhədə görkəmli xadimin adı əks olunub. Sovet İttifaqı dövründə bu Evin qarşısında hər il görkəmli şəxsiyyətə həsr olunmuş “Nərimanoba” bayramı təntənə ilə qeyd olunub.

Ən maraqlısı odur ki, park Marneuli rayon Bələdiyyəsinin binası qarşısında yerləşir. Park rayonda əsas istirahət məkanı olmaqla yanaşı, bayram və digər tədbirlərin keçirilməsi üçün əsas yerlərdən biridir. Məkanın acınacaqlı vəziyyəti rayon rəhbərliyinin “gözü qarşısında” olsa da, nədənsə diqqət və nəzarətdən kənardadır.

Marneuli sakinləri deyiblər ki, N.Nərimanovun heykəli və ətraf park Sovet İttifaqı dağılandan sonra baxımsız qalıb. Onlar böyük şəxsiyyəti ehtiramla anırlar və onun adının rayonda yaşadılmasını dəstəkləyirlər.

N.Nərimanovun anadan olmasının 149-cu ildönümü də bu baxımsız parkda onun qəzalı vəziyyətdə olan heykəli önündə qeyd olunub. Anım tədbirində çıxış edən Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev gələcəkdə heykəlin bərpa olunacağını bildirib. Bərpa işlərinin nə zaman həyata keçiriləcəyi hələ məlum deyil. Gələn il N.Nərimanovun 150 illik yubileyi qeyd olunacaq. Marneuli sakinləri heykəl və parkın gələn ilə qədər abadlaşdırılacağına ümid edirlər.

Azərbaycanlı ictimai fəallar adından bu ilin yanvar ayında Marneuli rayon rəhbərliyinə Parka, Mədəniyyət Evinə və Qızılhacılı kənd məktəbinə N.Nərimanovun adının rəsmən verilməsi ilə bağlı müraciət təqdim olunub. Müraciətə isə hələ də baxılır və məsələ üzrə xüsusi komissiya da yaradılıb.

N.Nərimanov Marneulidə yaşadığı illərdə böyük xidmətlər göstərib. O, rayonun Qızılhacılı kəndində bir neçə il müəllim və həkim kimi fəaliyyət göstərib. Sakinləri ödənişsiz müayinə edib, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Qızılhacılı kənd məktəbi də vaxtilə N.Nərimanovun adını daşıyıb.

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibinin Gürcüstanda göstərdiyi əvəzsiz xidmətlərin müqabilində onun bu ölkədəki heykəlinin baxımsız vəziyyətdə qalması, adının yaşadılmasının qarşısının alınması N.Nərimanovun xatirəsinə böyük laqeydlikdir. 

Bu ilin yanvarında N.Nərimanovun bolşevik olduğuna görə onun Marneulidəki heykəlinin götürüləcəyi və ya digər yerə köçürüləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Rayon rəhbərliyi bu məlumatları yalan adlandıraraq bu məsələnin müzakirə mövzusu olmadığını bildirib. Böyük şəxsiyyətin heykəlinə 30 ilə yaxındır davam edən laqeyd münasibət davam edərsə, abidə özü dağılaraq ömrünü başa vura bilər. 

Son xəbərlər

Orphus sistemi