Gürcüstanda azərbaycanlı aşığın ev muzeyinin təmiri başa çatdırılır

Gürcüstanda azərbaycanlı aşığın ev muzeyinin təmiri başa çatdırılır Aşıq Kamandarın ev muzeyinin təmir işləri son tamamlama mərhələsindədir
Mədəniyyət siyasəti
1019
25 Dekabr , 2020 20:23
Gürcüstanda azərbaycanlı aşığın ev muzeyinin təmiri başa çatdırılır

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev türkiyəli həmkarı Fatma Ceren Yazqanla birgə Marneuli rayonunun Kəpənəkçi kəndində Aşıq Kamandar Əfəndiyevin ev muzeyində təmir işlərinin gedişi ilə yaxından tanış olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, diplomatlar türk xalqlarına məxsus olan ozan-aşıq sənətinin tarixi, bu sənətin bölgədəki digər xalqlara təsiri barədə fikir mübadiləsi aparıblar.

Onlar muzeylə bağlı öz məsləhət və tövsiyələrini verib, gələcəkdə də bölgədəki bu cür mədəniyyət ocaqlarının fəaliyyətinə əllərindən gələn hər cür dəstəyi verəcəklərini vurğulayıblar.

Bildirilib ki, Aşıq Kamandarın ev muzeyinin təmir işləri son tamamlama mərhələsindədir və 2021-ci ilin ilk aylarında mədəniyyət ocağının ziyarətçilərin ixtiyarına verilməsi gözlənilir.

Qeyd edək ki, Aşıq Kamandar Əfəndiyev Azərbaycan ozan-aşıq sənətinin korifey sənətkarlarından biridir. Böyük ustad bu əbədiyaşar sənətin zənginləşməsi və inkişafında misilsiz xidmətlər göstərib. Borçalı aşıq məktəbinin yetirməsi olan Aşıq Kamandar “Azərbaycanın əməkdar mədəniyyət işçisi” (1984) fəxri adına və Gürcüstanın yüksək mükafatı olan “Şərəf” ordeninə (1999) layiq görülüb.

2012-ci ildə sənətkarın 80 illik yubileyi həm Tbilisi, həm də Bakı şəhərində dövlət səviyyəsində qeyd edilib. Elə həmin ildə Aşıq Kamandarın ev muzeyi yaradılıb və 2013-cü ildə orada büstü qoyulub. Gürcüstanda rəsmi qeydiyyatda olan Aşıq Kamandarın ev muzeyinin bu yaxınlarda Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyi tərəfindən dünya muzeyləri standartlarına uyğun olaraq təmirinə başlanılıb. Təmir işlərini TİKA-nın Gürcüstan koordinatoru Necla Demirdağın rəhbərliyi ilə Gürcüstanda muzeylərin bərpası və qurulması üzrə təcrübəli mütəxəssisləri aparır. Aşığın ev muzeyinin təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.

Son xəbərlər

Orphus sistemi