Fransanın paytaxtı Parisin Luvr muzeyində “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sərgidə fransalı incəsənət xadimləri, rəsm, foto həvəskarları və digər şəxslər iştirak ediblər.
Fotoqrafın əl işləri müasir texnologiyanın insanlar arasındakı münasibətlərəə olan təsirinə həsr olunub. Fotoqraf ekranların həyatımıza hakim olduğu dünyada insan əlaqələrinin arxa plana keçdiyini əks etdirir və fiziki təmasın virtual dünya arxasında zəiflədiyini, gözlərin üz-üzə deyil, piksellər vasitəsilə görüşdüyünü nümayiş etdirir.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanın peşəkar rəssamlarından olan Əsmər Nərimanbəyova, Sahib Əsədli və digərlərinin əsərləri də yer alıb. Sərgi aprelin 6-dək davam edəcək.
Xatırladaq ki, M.Bağırovanın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Birinci Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərib.
M.Bağırova 2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.