Yuxarı
    Bağlamaq

    Fransa səfiri: "Azərbaycan moda və paltar tikmək sahəsində zəngin ənənələrə malikdir"

    Dünyaca məşhur fransız dizayner Jan-Klod Jitrua Bakıda öz kolleksiyasını təqdim edəcək

    Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycan moda və paltar tikmək sahəsində zəngin ənənələrə malikdir. Tarixən Azərbaycan ipək parça işləriylə məşhur olub. Bakıda "Azerbaijan Fashion Week" tədbirinin kerçirilməsi həm azərbaycanlı dizaynerlərin, həm də dünya modasının nümayəndələrinin işlərinin tamaşaçılara təqdim edilməsinə imkan verəcək.

    "Report" xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe Bakıda Azərbaycan moda həftəsinin (Azerbaijan Fashion Week) açılışı münasibətilə keçirlən mətbuat konfransında deyib.

    O.Buşe bu ilki moda həftəsi çərçivəsində Bakıda Şeron Stoun, Monika Belluççi, Selin Dion, Beyons, Ledi Qaqa kimi dünya ulduzları üçün paltarlar tikən və elastik dərinin yaradıcısı olan dünyaca məşhur fransız dizayner Jan-Klod Jitruanın öz kolleksiyasını təqdim edəcəyini açıqlayıb. Səfirin sözlərinə görə, J.-K.Jitrua idman modasında da uğur qazanıb və Zinəddin Zidan, Mixael Şumaher kimi məşhurlara paltar tikib.

    Fransanın Azərbaycandakı səfiri moda dünyasının və yüksək dəbli paltarların Fransada çoxdan biznes növünə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, hər il Fransadan 7 milyard avro məbləğində lüks məhsullar ixrac olunur. Səfir, həmçinin moda biznesinin əlavə işçi yerləri yaratdığını da qeyd edib. "Bu səbəbdən moda sahəsini iqtisadiyyatın şaxələndirilməsi üçün mümkün sahələrindən biri adlandırmaq olar", - deyə O.Buşe bildirib.

    Qeyd edək ki, "Azerbaijan Fashion Week" bu il mayın 23-dən 26-dək keçiriləcək. Tədbir çərçivəsində 6 ölkədən, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Fransa, Latviya dizaynerlərinin işlərindən 20 nümayiş həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi