Fərid Cəfərov: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq hər il artır

Mədəniyyət siyasəti
  • 26 oktyabr, 2026
  • 12:08
Fərid Cəfərov: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq hər il artır

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq hər il artır.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna rəhbər şəxslərlə yanaşı, din xadimləri, gənclər də böyük maraq göstərir:

"Builki forumda müxtəlif ölkələrin nümayəndələri öz fikirlərini və ideyalarını irəli sürərək onun inkişafına öz töhfələrini verəcəklər".

F.Cəfərov bildirib ki, foruma 500-dən çox iştirakçının qoşulacağı gözlənilir:

"Builki forum "Parçalanmış dünyada körpülərin qurulması" mövzusuna həsr olunub. Mövzu ölkələr və cəmiyyətin müxtəlif qrupları arasında davam edən bərabərsizliklər və qarşıdurmalar nəzərə alınaraq müəyyənləşdirilib. Məqsəd cəmiyyətin müxtəlif təbəqələrini, hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək ortaq məsələləri müzakirə etməkdir".

Nazir müavini həmçinin qeyd edib ki, bu gündən forum çərçivəsində tədbirlərə start verilir.