Yuxarı

Əbülfəs Qarayev vətəndaşları qəbul edib

Nazir zəruri tədbirlər görüləcəyini deyib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Naftalan və Gəncə şəhərlərindən, eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.

Belə ki, vətəndaşlar yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə müraciət və xahişlər edib.

Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib. Həmçinin Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təklif verilib. 

Sakinlər Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə də müraciət də edib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, zəruri tədbirlər görüləcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi