Yuxarı

Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib

Xızı rayonunda “Oxu, tar” müsabiqəsinin keçirilməsi xahiş olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 19-da Sumqayıt şəhərinin Tarix Muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından vətəndaşları qəbul edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.

Sumqayıt şəhərindən qəbula yazılan vətəndaşlar "Multikulturalizm ili" çərçivəsində şəhərdə ölkəmizin azsaylı xalqlarının incəsənət festivalının keçirilməsi, mədəniyyət müəssisləri işçiləri, tətbiqi sənət ustaları və özfəaliyyət kollektivlərinin respublika səviyyəli festivallarda, treninqlərdə iştirakının təmin olunması, "Kimyaçılar" mədəniyyət sarayının şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilməsi, habelə fəxri adlara təqdimat, işlə təmin olunma barədə xahiş ediblər.

Bundan əlavə, kitaba marağın və mütaliənin təşviqi məqsədilə ölkəmizdə ilk buktreyler (kitabların video-çarx və filmlər vasitəsilə təbliği) festivalının keçirilməsi barədə təklif də səslənib. Həmçinin şəhərdəki uşaq incəsənət məktəbində eksperimental siniflərin açılması, 1988-ci il hadisələrinə dair dövrü mətbuat məqalələri əsasında Sumqayıt MKS-nin əməkdaşlarının hazırladıqları elektron toplunun çap olunması barədə müraciət olub.

Abşeron rayonu sakinləri zəngin tarixə malik Abşeron xalçalarının təbliğinə, Qobu qəsəbəsində xalça sexinin fəaliyyətinə yardım edilməsi, Novxanı kəndindəki XII əsrə aid "Şah Sultan Hüseyn" məscidinin bərpası və ətrafında arxeoloji qazıntının aparılmasına köməklik göstərilməsi barədə müraciət edilib.

Xızı rayonundan qəbula gələnlərin xahişi rayonda ümumrespublika "Oxu, tar" müsabiqəsinin keçirilməsi, turizmin inkişafına dəstək verilməsi barədə olub.

Şuşa, Zəngilan və Qubadlı rayonundan qəbula yazılan vətəndaşlar da müxtəlif məsələlərlə bağlı nazirə müraciət ediblər. Vaxtilə Şuşa şəhərində olmuş Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında bukletlərin hazırlanmasına, Şuşa MKS-nin fəaliyyətinin yaxşılaşdırılmasına, mədəniyyət müəssisələri rəhbərləri üçün marketinq üzrə seminarların keçirilməsinə köməklik göstərilməsi, Qubadlı rayon MKS-nin uşaq şöbəsinin fəaliyyətinin bərpa olunması xahiş edilib.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığına əsasən yerlərdə təşkil olunan bu görüşlər bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Eyni zamanda bu görüşlər zamanı vətəndaşlar maraqlı təkliflər, təşəbbüslər irəli sürüblər: "Bu gün də bir sıra maraqlı təkliflər oldu. Xızı rayonunda “Oxu, tar” müsabiqəsinin keçirilməsi, milli musiqimizlə klassik musiqilərin qarşılıqlı inkişafı üçün eksperimental siniflərin yaradılması, kitaba marağın təbliğ olunması ilə bağlı buktreyler festivalının keçirilməsi kimi təklifləri qeyd edə bilərəm".

Görüşdə bir sıra aktual məsələlərin qaldırıldığını deyən nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə yeni ekspozisiyaların yaradılması, eləcə də regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

Qəbuldan sonra Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə iclas keçirib. İclasda mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi üçün aparılan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

Daha sonra nazir Sumqayıt şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti tanış olub, tapşırıq və tövsiyələr verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi