Yuxarı

Əbülfəs Qarayev Serbiya baş nazirinin müavini ilə görüşüb

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, gələcək əlaqələrin qurulmasından bəhs olunub.

Azərbaycan və Serbiya arasında turist mübadiləsinin artırılması istiqamətində bir sıra addımlar atılması müzakirə olunub, nazir Əbülfəs Qarayev bu sahədə kompleks tədbirlər görülməsinin vacibliyini qeyd edib. Görüşdə iki ölkənin turizm şirkətləri və media nümayəndələri üçün qarşılıqlı infoturlar təşkil olunması, həmçinin Serbiya tərəfindən Azərbaycan vətəndaşları üçün vizanın ləğv edilməsi məsələsinə də toxunulub.

Nazir həmçinin bu istiqamətdə uğurlu nəticələrin əldə edilməsi üçün Azərbaycanda hər il keçirilən AİTF beynəlxalq turizm sərgisi haqqında məlumat verib, qarşı tərəfin iştirakının müsbət nəticələrə səbəb olacağını qeyd edib. Serbiyalı nazir təklifi yüksək qiymətləndirərək, sərgidə Serbiyanın Çernoqoriya ilə birlikdə iştirakının mümkünlüyünü vurğulayıb. Nazir həmçinin Serbiyada da fevral ayında keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan tərəfinin təmsil olunmasını qeyd edib. Sərgilərdə turizm şirkətləri arasında əlaqələrin qurulmasının əhəmiyyətindən də bəhs olunub.

Əbülfəs Qarayev turizm təhsili sahəsində əməkdaşlıq məsələləri haqqında da söhbət açıb, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün təcrübə mübadiləsinin təşkil olunmasını barəsində fikir bildirib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində də uğurlu işlərin həyata keçirilməsi vurğulanıb, həmçinin nazir Əbülfəs Qarayev iki ölkənin musiqiçilərinin festivallarda qarşılıqlı iştirakını təklif edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu və aprel ayında keçiriləcək Qlobal Forum haqqında məlumat verib, nümayəndə heyətini iştirak etməyə dəvət edib.

Sonda iki ölkə arasında sərgilər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanması və illik fəaliyyət planlarının tərtib olunmasına dair razılıq əldə olunub.

Qeyd edək ki, Serbiya nümayəndə heyəti Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya səfər edib. Azərbaycan tərəfindən Komissiyanın iclasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi