Yuxarı

Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edib

Nazir yerindəcə müvafiq tapşırıqlar verib

Bakı. 30 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əhali ilə növbəti görüşü martın 30-da Salyan şəhərində olub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Salyan rayonundan qəbula yazılan vətəndaşlar aşıq Pənah Pənahovun 90 illik yubileyinin keçirilməsi, Əli bəy Hüseynzadə adına Tarix-Diyarşünaslıq Muzeyində kənd təsərrüfatı üzrə ekspozisiyanın yaradılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə elmi ədəbiyyatın verilməsi, eləcə də mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə fəaliyyətinin əlaqələndirilməsinə, "Multikulturalizm ili"ndə azsaylı xalqların yaşadığı bölgələrlə mədəni əlaqələrinin genişləndirilməsinə köməklik göstərilməsini xahiş edib.

Şirvan şəhərindən gələn vətəndaşlar uşaq musiqi məktəbinin yeni musiqi alətləri ilə təmin olunması, Heydər Əliyev Mərkəzində fəaliyyətinin gücləndirilməsi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Biləsuvar sakinlərinin müraciətləri rayonda yerləşən "Şəhriyar qalası"nda arxeoloji qazıntı işlərinin aparılması, rayon Mərkəzi Kitabxanasının aqrar sahəyə aid ədəbiyyatla, musiqi məktəblərinin dərsliklərə daxil edilən musiqi nümunələrinin diskləri ilə təmin edilməsi barədə olub.

Biləsuvar rayonu ərazisindəki şəhərcikdə yerləşən Cəbrayıl rayon Mədəniyyət evinə milli rəqs geyimlərinin verilməsi də xahiş olunub.

Hacıqabul rayonundan qəbula gələnlər uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərslərinin keçirilməsi, yeni yaradılmış Mədəniyyət Mərkəzinin işinin gücləndirilməsi üçün qabaqcıl mədəniyyət müəssisələri ilə təcrübə mübadiləsinin aparılması, qonşu Şirvan şəhərindəki Humanitar Kollecdə mədəniyyət sahəsinə uyğun ixtisasların açılmasına dəstək verilməsini xahiş edib.

Neftçala rayonu sakinləri qeyri-maddi mədəni irsin təbliği ilə bağlı dərnəklərin proqramlarının hazırlanması, Neftçalada tanınmış rəssamların əsərlərindən ibarət sərgilərin təşkil olunması və Dövlət Rəsm Qalereyası fondunun zənginləşdirilməsi, kitaba marağın artırılmasında ən yaxşı təcrübələrin broşur şəklində çap edilərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə verilməsi barədə təkliflərini diqqətə çatdırıblar.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay təşkil olunan belə görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin yerindəcə həlli baxımdan çox vacibdir. Görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər irəli sürülür.

Budəfəki qəbulda da aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin tədris vəsaitləri ilə təmin olunması, regionların turizm imkanlarının təbliğinə dair təkliflərin bu qəbildən olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi