Yuxarı

Əbülfəs Qarayev: "Otellərin qiymətləri ilə bağlı yaxın vaxtlarda qərarımızı və tövsiyələrimizi verəcəyik"

Nazirlik regionlarda turizm xidmətlərinin səviyyəsinin, müxtəlifliyinin, mədəni xidmətlərin səviyyəsinin artırılmasına dair tövsiyələr hazırlayır

Bakı. 16 iyul. REPORT.AZ/ İyulun 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oğuzda keçirilən vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlama verib.

"Report" xəbər verir ki, Ə.Qarayev hazırda nazirlik tərəfindən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində konkret işlərin görüldüyünü bildirib:

"Biz bu işlərin üç istiqamət üzrə aparılmasını nəzərdə tuturuq. Sözsüz ki, bu istiqamətlər özlüyündə daha geniş spektrdə əhatə olunacaq. Birinci istiqamət Azərbaycana xaricdən gələnlərin vizalarının verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda 60-dan çox şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 mindən artıq elektron turist vizası verilib. Ancaq dövlət başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli və rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir. Ona görə də vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir. Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər və qərar layihələri hazırlayır. Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq. Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır. Onların vasitəsilə bu vizaların alınması və bəlkə də xüsusi mərkəzlərin yaradılması mövzusu bu gün gündəlikdədir".

O deyib ki, ikinci istiqamət üzrə nazirliyin üzərinə düşən vəzifə bölgələrdə yerləşən otellərin fəaliyyəti ilə bağlıdır: "Biz hər mövsüm otellərlə bağlı monitorinqlər aparırıq. Bu monitorinqlər konkret olaraq həm keyfiyyət, həm də qiymət baxımından tam aydın mənzərəni bizə göstərəcək. Regionlarda mövcud olan bütün otellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub. Artıq rayon icra hakimiyyətlərinin rəhbərlərinə, yerli sahibkarlara, müxtəlif qurumlara tövsiyə edilib ki, regionlarda yeni tikilən otellər və yaxud turizmin inkişafı ilə bağlı atılan hər hansı bir addım mütləq nazirlikdə mövcud standartlara uyğunlaşdırılmalıdır. Bu gün qanunvericilikdə mütləq standartlaşma məsələsi yoxdur. Biz hesab edirik ki, bu gün hər hansı bir otelin, motelin, qonaq evinin tikintisi zamanı sahibkar mütləq onun standartlarını Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müəyyənləşdirməlidir. Çünki bu standartlar həm də qiymətlərin tənzimlənməsinə ciddi təsir göstərəcək. Yalandan yazırlar ki, otel üç və ya dörd ulduzludur. Ancaq real olaraq bu otellərin standartları təqdim edilən xidmətlərin standartlarına heç cür uyğun gəlmir. Ona görə də biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın. Düşünürəm ki, bununla xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Sözsüz ki, bu, bir-iki günün məsələsi deyil. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq və biz bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı və tövsiyələrimizi verəcəyik".

Ə.Qarayev vurğulayıb ki, üçüncü istiqamət nazirliyin üzərinə düşür: "Nazirlik regionlarda turizm xidmətlərinin səviyyəsinin, onların çeşidliyinin, müxtəlifliyinin, mədəni xidmətlərin səviyyəsinin artırılması, gələcək turistlərin daha aktiv istirahətinin təşkilinə dair tövsiyələr hazırlayır. Bu məsələ Oğuzda keçirilən qəbul zamanı da ətraflı müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi