Yuxarı

Əbülfəs Qarayev vətəndaşlara kömək edəcəyinə söz verib

Mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib

Bakı. 24 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 24-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub.

Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər də müraciətlər arasında yer alıb.
Nazirə Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının və sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər olub.

Salyan rayonunun "Mahirlər" ansamblı və "Cəngi" kollektivinin xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əyani vəsaitlərlə təmin edilməsi, Hacıqabul rayon Mədəniyyət Mərkəzindəki həvəskar kukla teatrına inventarların verilməsi barədə xahişlər edilib. Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub.
Salyan sakini Ramin Əliyev rayon ərazisində aparılan qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəninə turist səfərlərinin edilməsi barədə təkliflə çıxış edib.

Ə.Qarayev təklifi müsbət qarşılayıb və köməklik göstəriləcəyini bildirib.
Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə regionlarda mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi