Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir

Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir Nazir: "Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyası hazırlanır"
Mədəniyyət siyasəti
4 Fevral , 2016 20:01
Əbülfəs Qarayev İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Türkiyənin İstanbul şəhərində öz işinə başlayan “Dünya Turizm Forumu”nda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə Dünya Turizm Forumunun Prezidenti Bulut Bağcı, TURSAB-ın Prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin bir çox tanınan nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib.

Ölkəmizdə turizmin prioritet sahələrdən biri olduğunu qeyd edən nazir turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü bildirib. Mədəni turizm, sağlamlıq turizmi, işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu olduğu vurğulanıb.

Dövlətin turizmin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edən nazir Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını da bildirib.

Çıxışında ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən nazir Əbülfəs Qarayev 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, həmçinin 2016-cı ildə keçiriləcək Formula-1 Oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün də mühüm addım olduğunu qeyd edib.

Nazir çıxışında həmçinin turizmin əsas amillərindən olan elektron viza tətbiqindən, yeni otellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən də bəhs edib.

Qeyd edək ki, tədbir çərçivəsində nazirlərin görüşü keçirilib. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal ilə görüşən nazir Əbülfəs Qarayev hər iki ölkə arasındaki mövcud six mədəniyyət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə layihələrin həyata keçirilməsi haqqinda fikir mübadiləsi aparıblar. 

Fevralın 6-dək davam edəcək tədbirdə müxtəlif mövzular üzrə çıxışlar nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi