Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev İranın vitse-prezidenti Zəhra Əhmədipurla görüşüb

    Nazir Xudafərin körpüsünün Azərbaycanın işğal edilmiş torpaqları ilə İran arasında qaldığını deyib© Mct.gov.az

    Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan mədəniyyəti günləri ilə əlaqədar İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonşu ölkənin vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipurla görüşüb.

    Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Ə.Qarayev iki qonşu və dost ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox iş görüb. Bu istiqamətdə Azərbaycan Prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. 

    Ə.Qarayev bildirib ki, İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı turist səfərlərini təşkil etmələri zəruridir. Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə, macəra turizmini təşkil etməlidirlər ki turistlərin istəkləri həyata keçsin.

    Nazir  qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI Konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Tədbirlər Planına əsasən Naxçıvanda yaradıcı kollektivlərin çıxışları və digər maraqlı proqramlar təşkil ediləcək.

    Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Azərbaycanda turizmlə bağlı ali təhsil müəssisələrinin olduğunu deyən Ə.Qarayev turizm təhsili sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edib. İranın müvafiq təhsil müəssisələri ilə tələbə mübadiləsinin də reallaşdırılmasının mümkünlüyü vurğulayıb.

    Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirirlər. Erməni vandalları minlərlə tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar. Xudafərin körpüsünün Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirdiyini nəzərə çatdıran nazir bu körpünün Azərbaycanın işğal edilmiş torpaqları ilə İran arasında qaldığını deyib.

    "Turizmin inkişafı dostluğun daha da möhkəmlənməsi üçün ən yaxşı vasitədir" deyən Əbülfəs Qarayev İranın vitse-prezidenti Zəhra Əhmədpuru Azərbaycana rəsmi səfərə dəvət edib.

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən dəstəkləndiyini vurğulayan Z.Əhmədpur İranda əl işləri sənayesinin inkişaf etdiyini və ölkəyə gələn turistlərin marağına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, xalqların yaxınlığı mehriban qonşuluğun və dostluğun daha da möhkəmlənməsini tələb edir: "İran Azərbaycandan gələn hər bir qonağı hörmətlə qarşılayır. Xalqlarımız yeni tarixən mədəni əlaqələrə sahib olublar. Müasir dövrdə bu əlaqələri inkişaf etdirib gələcək nəsillərə çatdırmaq lazımdır ki, İran ilə Azərbaycanın dostluğu əbədi olsun".

    Görüşdə əl işlərindən ibarət məhsulların birgə sərgisinin keçirilməsi və qarşılıqlı əlaqələrin gələcək perspektivlər də müzakirə edilib.

    Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi