Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müaviniylə görüşüb

Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müaviniylə görüşüb Görüşdə iki ölkə arasında mədəniyyət sahəsindəki mövcud əlaqələrdən bəhs edilib
Mədəniyyət siyasəti
17 Mart , 2016 20:27
Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müaviniylə görüşüb

Bakı. 17 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında İşçi Qrupun birinci iclasının uğurla keçirildiyini qeyd edib.

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması istiqamətində müvafiq işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Levan Xaratişvili 2013-cü ildə Bakıda keçirilmiş YUNESKO-nun Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası zamanı Gürcüstanın “Qvevri – qədim gürcü ənənəvi şərab hazırlama üsulu”nun YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Əbülfəs Qarayev, həmçinin aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barəsində məlumat verib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini ifadə edib.

Qonaqlar səfər çərçivəsində bir neçə muzey və tarixi abidəni ziyarət etdiklərini bildirərək, Bakı şəhərinin gözəlliyi və Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi