Yuxarı

Əbülfəs Qarayev Fransanın dövlət katibi ilə görüşüb

Görüşdə Azərbaycanla Fransa arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

"Report" xəbər verir ki, görüşdə Azərbaycanla Fransa arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Əbülfəs Qarayev Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyib. Nazir bildirib ki, qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsinin, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və separatçı rejimlə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

Əbülfəs Qarayev qeyd edib ki, bu ilin mayında Xorvatiyada keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnaməyə dair qərarın qəbulunda Fransanın dəstəyi təqdirəlayiqdir, lakin bu qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün bu ölkənin dövlət və özəl qurumları tərəfindən səylərin artırılması zəruridir.
Fransalı dövlət katibi Matias Feklin Fransa - Azərbaycan arasında turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını, bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazır olduqları söyləyib. 

Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsili sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlərə də toxunulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi