Yuxarı

Əbülfəs Qarayev Ağsu rayonunda vətəndaşları qəbul edib

Nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 29-da Ağsu şəhərinin Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qurumun məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şamaxıdan qəbula gələn vətəndaşlar rayon ərazisində kompleks şəklində arxeoloji qazıntı işlərinin aparılması, bölgədə turizmin müxtəlif növləri üzrə bələdçilik xidməti göstərən şəxslər üçün təlimlərin keçirilməsi ilə bağlı müraciətlər edib. 

Qəbələ sakinlərinin müraciətləri mədəniyyət müəssisələri və klubların tarixi və əlamətdar günlərə aid metodiki vəsaitlərlə təminatı, ölkənin görkəmli ədibləri, sənət adamları ilə görüşlərin təşkili, rəsm qalereyasında tanınmış fırça ustalarının ustad dərslərini, incəsənət məktəbində Bakı məktəblərinin təcrübəli müəllimlərinin açıq dərslərinin təşkili, eləcə də Vəndam və Nic qəsəbələrində incəsənət məktəbinin filiallarının yaradılması barədə olub.

İsmayıllı sakinləri mədəniyyət işçilərinə fəxri adların verilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində regional mərkəzin yaradılması, uşaq incəsənət məktəbinin binasının inşası bağlı xahişlərini diqqətə çatdırıblar.

Ağsu sakinləri rayondakı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana fondlarının yeni nəşrlərlə təminatı, uşaq musiqi məktəbində ixtisaslı kadrların çatışmazlığı, nəzəriyyə dərslərinin keyfiyyətinin artırılması məsələləri səsləndirilib.

Ağsu, Qobustan və İsmayıllı rayonlarından daha bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət edib.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, ölkə başçısının tapşırığı ilə artıq üçüncü ildir hər ay yerlərdə qəbullar keçirilir. Bu görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Ağsu rayonunda bu sıradan artıq 31-ci görüşün keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev görüşlər zamanı vətəndaşların maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürdüklərini deyib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi