Budapeştdə göylərə yüksələn Azadlıq heykəli: Gellert təpəsində Cabbarlının “Sevil”inin izləri - REPORTAJ

Budapeştdə göylərə yüksələn Azadlıq heykəli: Gellert təpəsində Cabbarlının “Sevil”inin izləri - REPORTAJ Buda və Peşti birləşdirən körpülər
Mədəniyyət siyasəti
10 İyun , 2023 17:33
Budapeştdə göylərə yüksələn Azadlıq heykəli: Gellert təpəsində Cabbarlının “Sevil”inin izləri - REPORTAJ

“Report”un əməkdaşı Budapeştdən yazır...

Buda və Peşti birləşdirən körpülər

Bütün ictimai nəqliyyat növlərinin hərəkəti üçün əlverişli yol infrastrukturuna sahib olan Budapeştin Buda və Peşt hissəsi bir-birinə körpülər vasitəsilə birləşdirilib. Həmin körpülərdən ən qədimi isə Zəncirli körpüdür. Dunay çayı üzərində salınmış asma körpü 10 illik tikinti prosesindən sonra 1849-cu ildə istifadəyə verilib və Macarıstanın dövlət xadimi İştvan Seçeninin şərəfinə Seçeni Zəncirli körpüsü adlandırılıb. Körpünün hər iki ucunda onun gözətçiləri hesab olunan və Budapeştin simvollarından birinə çevrilmiş iki aslan heykəli quraşdırılıb. Uzunluğu 375 metr olan körpüdə avtomobil yolu ilə yanaşı, piyadaların təhlükəsiz hərəkəti üçün səkinin salındığını da görə bilərsiniz. İkinci Dünya müharibəsi zamanı almanlar tərəfindən partladıldıqdan və ciddi ziyan gördükdən sonra körpüdə ilki 1949-cu il olmaqla bir neçə dəfə təmir və bərpa işləri həyata keçirilib.

Tarixi əhəmiyyətinə görə bu gün turistlər üçün Budapeştdəki ziyarət nöqtələrindən birinə çevrilmiş Zəncirli körpüdən sonra Dunay çayı üzərində Buda və Peşti birləşdirən digər bir məşhur körpü 1896-cı ildə salınmış Azadlıq körpüsüdür. Bütün körpülər arasında daha turistik bir görüntüyə sahib olduğunu düşündüyüm Azadlıq körpüsünün layihəsini macar mühəndis Yanos Feketehazi, dekorativ elementlərini isə macar sənətkarlar hazırlayıb. Yaşıl rəngi ilə göz oxşayan və demək olar, heç bir turistin yanında şəkil çəkdirmədən Budapeştdən ayrılmadığı bu körpünün uzunluğu 333 metrdir. Onun ən hündür hissəsində macar mifologiyasında ölümsüzlük və yenidən doğumu simvolizə edən turul quşları, mərkəzində Macarıstan gerbi və yaranma tarixi kimi motivlər əks olunub. Bundan başqa, piyada keçidindən keçdikdə körpünün kənarlarına ziyarətçilər tərəfindən rəngli qıfılların asıldığını da müşahidə edirsiniz ki, bu detal və digər dekorativ elementlər Azadlıq körpüsünü sizin üçün daha da maraqlı edir. İşıqlandırması isə körpünün vizual cazibəsini xüsusilə artırır, səfər zamanı axşam saatlarında ətraf ərazilərdən onu izləyərək valehedici bir görüntüyə şahidlik edə bilərsiniz. Körpüdən görəcəyiniz ən gözəl mənzərə isə zirvəsində Azadlıq heykəli ucaldılmış Gellert təpəsidir.

“Sevil”i xatırladan 14 metrlik heykəl

Buda şəhərində yerləşən təpəni yaxından görmək üçün biz də Azadlıq körpüsündən keçərək ona tərəf irəlilədik. Təpəyə bu ad XI əsrdə bütpərəstlərin oradan atılaraq öldürdüyü Müqəddəs Gerardın şərəfinə verilib. 235 metr hündürlüyündə olan Gellert təpəsinə qalxmaq bir az yorucudur, ancaq ətraf ağac və çiçəklərlə örtülü olduğu və əraziyə yorulacağınız təqdirdə, əyləşə biləcəyiniz skamyalar yerləşdirildiyi üçün bu yorğunluğu elə də hiss etmirsiniz. Yamyaşıl bitki örtüyünə görə burada mütəmadi piknik etməyə gələn çoxlu sayda insan görə bilərsiniz. Təpənin ərazisində uşaqlar üçün müəyyən atraksionların yerləşdirildiyi kiçik bir park da var ki, təmiz hava ilə bərabər uşaqların əylənə biləcəyi bir sahənin olması da məkanı yerlilər üçün asudə vaxtın ziyarət nöqtəsinə çevirir. Gallertin ən zirvəsinə qalxdıqda şəhərin bütün gözəlliklərini bir nöqtədən görmək imkanınız var. Zirvəyə doğru irəlilədikcə müxtəlif abidələrlə rastlaşırsınız ki, bunlardan biri də yepiskop Gellertin əlində xaç tutan heykəlidir.

Gellert təpəsindəki ən diqqətəlayiq yer isə “Citadella”dır. Qalaya bənzəyən bu istehkam 1851-ci ildə Macarıstan İnqilabından sonra şəhərə nəzarət etmək üçün Avstriya imperatorunun görtərişi ilə ucaldılıb və bu gün məşhur turistik məkan kimi xidmət edir. Hətta təpədə turistlərin ziyarət etdiyi əsas hissədir. Onun girişinə 1947-ci ildə Azadlıq heykəli yerləşdirilib. Təxminən 14 metr hündürlüyü olan heykəldə əlində sülh və azadlığın rəmzi olan xurma yarpağı tutan və onu göyə qaldıran qadın fiquru təsvir edilib. Bu kimi heykəlləri həm də azadlığın qadınla və ya qadından başladığını göstərdiyi üçün sevirəm, vizual olaraq “Sevil”ə bənzəməsə də, “Sevil”i xatırladır.

Macar kral və kraliçaların iqamətgahı olmuş qala

“Citadella”da bu gözəlliklə tanışlıqdan sonra Buda şəhərindəki ən turistik məkanlardan olan Buda qəsrinə tərəf yollandıq. Burada qala kompleksinin yerləşdiyi Qala təpəsinə qalxmaq üçün xüsusi funikulyor var, lakin istəyəcəyiniz təqdirdə, tarixi küçələr və yollarla gəzərək də təpəyə qalxa bilərsiniz. Birbaşa qala kompleksi ilə tanış olmaq üçün isə elə girişdəki eskalator və liftdən istifadə etmək mümkündür. Əsası XIII əsrdə qoyulmuş bu qala kompleksi barokko memarlığının önəmli nümunələrindən olsa da, müxtəlif dövrlərdə yenidənqurma və bərpa prosesinə məruz qaldığı üçün qotik, İntibah kimi müxtəlif memarlıq üslublarının da daşıyıcısına çevrilib. Macar kral və kraliçaların iqamətgahı olmuş qalanın hazırkı görüntüsü XVIII əsrə söykənir. Kral sarayı qala kompleksinin ən böyük binasıdır və mərkəzdə yerləşir. Mərkəzi hissə isə sizə Dunay çayı və Budapeştin ən gözəl tikilisi olan Parlament binasının panoramik mənzərəsini təqdim edir. Budapeşt Tarix Muzeyi və Macarıstan Milli Qalereyası da kompleksin tərkibindədir ki, həmin məkanlarda Macarıstan tarixi və mədəniyyəti ilə bağlı çeşidli tarixi əsərlər, sənət əsərləri və sərgilər nümayiş etdirilir. Ziyarətimiz zamanı burada diqqətimi çəkən əsas məqamlardan biri Buda qala kompleksinin turistlərlə yanaşı, yerlilər üçün də sıx ziyarət edilən məkanlar arasında yer alması oldu. Norveçdə muzeyləri, tarixi tikililəri daha çox yaşlı nəslin nümayəndələri ziyarət etdiyi halda, görünür, burada sənətə və tarixə maraq salanlar, əsasən, orta nəslin təmsilçiləridir.

Binaların orijinallığı ovsunlayır...

Buda qalasının altında tarix boyu müxtəlif məqsədlər üçün istifadə edilmiş gizli tunel şəbəkəsinin olduğu deyilir. Qala kompleksinin altı barədə dəqiq bir fikrim olmasa da, üstündəki binaların orijinallığının sizi ovsunlayacağını deyə bilərəm. Xüsusilə Balıqçı qalası kompleksin ən gözəl detalıdır. Macarıstan minillik yubileyi çərçivəsində 1895-1902-ci illər arasında tikilmiş qala orta əsrlərdə şəhər divarlarının bu hissəsini müdafiə etmiş balıqçılar gildiyasının şərəfinə belə adlandırılıb. Qəhrəmanlar meydanında olduğu kimi, burada da Macar Knyazlığını yaratmış yeddi başçı ilə bağlı detala yer verilib və onların şərəfinə yeddi qüllə ucaldılıb. Balıqçı qalası digər qalalardan fərqli olaraq müdafiə məqsədi ilə tikilməyib. O, şəhərin heyrətamiz mənzərələrini təmin etmək üçün panoramik bir baxış terrası kimi inşa edilib. Əhəngdaşı ilə hörülmüş nağıllar aləmini xatırladan bu bəyaz memarlıq incisinin terrası ictimaiyyətə açıqdır. Ən məşhur hissəsi mərkəzi terrasdır ki, baş çəkmək və xatirə fotosu çəkdirmək üçün ziyarətçilərin azalmasını gözləyə bilərsiniz. Balıqçı qalasının yanında isə Budapeştin ən qədim və əhəmiyyətli kilsələrindən biri olan Matias kilsəsi yerləşir ki, Budapeştin kilsələrindən bəhs edən yazımızda onun detallı təsvirinə yer veriləcək.

Marqaret adası

Budapeştin Buda hissəsində getdiyimiz ən isti mühitin hökm sürdüyü yer isə Marqaret adası oldu. İzmirin Şirincə kəndini xatırladan bu ada səs-küylü məkanları sevməyən, təbiətlə iç-içə olmağı üstün tutan, bahar nəfəsi axtaran və rəngli işıqlarla bəzədilmiş kiçik bir kafedə kofe içməkdə də xoşbəxtlik tapan insanların Budapeştdəki ən yaxşı seçimi ola bilər. Dunay çayının ortasında yerləşən ada XIII əsrdə Dominikan monastırında yaşamış rahibə Müqəddəs Marqaretin şərəfinə bu şəkildə adlandırılıb. Marqaret adasının əsas görməli yerləri elə baxımlı bağları, gül-çiçəkli yollarıdır. Təbiətsevərlər burada qaça, velosiped sürə və ya sadəcə mənzərəli yollarda gəzə bilərlər. Lakin ziyarətçilərin əylənməsi üçün tennis stadionu, üzgüçülük hovuzu və mini-qolf sahələri kimi bir neçə istirahət obyekti də var. Marqaret və Arpad körpülərinin arasında yerləşən adanın bugünkü görünüşü XIX əsrin sonlarında Dunay çayının axınına nəzarət etmək üçün üç ayrı adanın birləşdirilməsi ilə yaradılıb. Marqaret adası Budapeştə səfər edən hər kəsin şəhəri gəzib bitirdikdən, sıxlığından sıxıldıqdan sonra istirahət üçün üz tutmalı olduğu bir yerdir. Səfərinizi elə bura ilə yekunlaşdıra bilərsiniz.

Son xəbərlər

Orphus sistemi