Əbülfəs Qarayev: "Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir"

Əbülfəs Qarayev: "Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir" Nazir mədəniyyət və turizm ictimaiyyətini təbrik edib
Mədəniyyət siyasəti
30 Dekabr , 2016 13:15
Əbülfəs Qarayev: Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir

Bakı. 30 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazir Azərbaycanın 2016-cı il yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərlə yenə dünyanın diqqət mərkəzində olduğunu diqqətə çatdırıb: "Ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, V Bakı Beynəlxalq Humanitar Forumu, III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, Formula 1 üzrə Avropa Qran-pri yarışları, Bakı Beynəlxalq Caz Festivalı, V Bakı Beynəlxalq Teatr Konfransı və digər əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına daha geniş imkanlar yaradır".

Ə.Qarayev qeyd edib ki, 2016-cı ilin ən yaddaqalan hadisələrindən biri lavaş çörəkbişirmə ənənəsinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi olub: "Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2017-ci il üçün sədri seçilməsi ilə qarşıda böyük məsuliyyətli vəzifələr yaranıb. Ölkə rəhbərinin turizmin inkişafı məqsədilə imzaladığı sərəncamlar, habelə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” qarşımızda böyük və məsuliyyətli vəzifələr qoyur”.

Nazirin təbrik müraciətində dövlət başçısının sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması, bu kontekstdə keçirilən müxtəlif tədbirlərin Azərbaycanda multikultural dəyərlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanır: “Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi yüksək dəyərləndirilir. Təbii ki, ölkəmizin dünyada layiqincə tanıdılmasında, mədəni irsimizin qorunub zənginləşdirilməsində, xalqımızın qonaqpərvərlik ənənələrinin təbliğində mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın rolu və əməyi danılmazdır. Respublikamızda həyatın bütün sahələri, o cümlədən mədəniyyət və turizm istiqamətləri məhz birgə səylərimizlə davamlı inkişaf edəcək”. 

Son xəbərlər

Orphus sistemi