Yuxarı

“Baku Guide” bələdçi kataloqunun iyun sayı nəşr edilib

Nəşr tamamilə I Avropa Oyunlarına həsr olunub

Bakı. 3 iyun. REPORT.AZ/ “Baku Guide” bələdçi kataloqunun yeni sayı çap olunub. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nazirliyin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan kataloqun yeni sayı tamamilə "Bakı 2015" I Avropa Oyunlarına həsr olunub.

Kataloqun iyun buraxılışı həm informasiya və materialların zənginliyi, mövzu rəngarəngliyi, həm də nəfis tərtibatı ilə xüsusilə seçilir. "Bakı bütün Avropanı qəbul etməyə hazırdır" başlıqlı yazıda Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu beynəlxalq əhəmiyyətli tədbirlə bağlı fikirləri əks olunub.

"Bakı 2015" I Avropa Oyunları günləri ilə bağlı hazırlanan mədəniyyət tədbirlərinin proqramı ilə də bələdçi kataloqunda tanış olmaq mümkündür. Nəşrdə paytaxt teatrlarının xüsusi olaraq Avropa Oyunları üçün tərtib etdiyi repertuar, muzeylərin, konsert və sərgi salonlarının iyun ayı üzrə tədbirlər planı verilib. Kino həvəskarları isə iyun ayı boyunca paytaxtın aparıcı kino nümayişi mərkəzlərində göstəriləcək müxtəlif səpkili filmlərin afişası ilə tanış ola biləcəklər.

Nəşr turistlər və Bakının qonaqları üçün maraq doğuracaq informasiyalar, Azərbaycanın tarixi və mədəni irsi, incəsənəti, milli musiqisi, Qarabağın sənət xəzinəsi, ölkənin geniş turizm potensialı, bölgələrin bu sahədə imkanları və s. mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir. "Dünya musiqi xəzinəsində azərbaycanlılar", "Qarabağ - Azərbaycanın tarix və mədəniyyət beşiyi", "Bakının memarlıq tarixinə ekskurs", "Qeyri-maddi mədəni irsimiz UNESCO siyahılarında", "Bakıdan yeddi səmtə turizm yolları", "Azərbaycanın şəfalı bölgələri - sağlamlıq turizmi", "Azərbaycanda palçıq vulkanları - təbiətin möcüzəsi" və s. başlıqlı məqalələr bu qəbildəndir. 

Nəşrdə Bakıdakı və paytaxt ətrafındakı tarix və mədəni irs məkanları - İçərişəhər, Qobustan qoruğu, Yanardağ, Atəşgah məbədi və s. barədə rəngarəng foto illüstrasiyalarla müşayiət olunan materiallar da yer alıb. "Azərbaycan mətbəxi" rubrikasında isə Bakının qonaqları dadmalı olduqları 10 təamı kəşf edəcək.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda, həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi