Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib.
“Report” xəbər verir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunub.
Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada açıb.
Festivalın çoxsaylı qonaqları yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə yığıldığına - gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamiyə baxıblar.
Yaponiya və onun adət-ənənələri haqqında bilik yarışlarında da iştirak etmək, ənənəvi yapon paltarlarını - kimono və yukatanı sınamaq olar. Tədbirin balaca qonaqları isə azərbaycanlı məktəblilərin robototexnika üzrə işlərini maraqla izləyiblər.
Festivalın səhnəsində bu ölkənin xalq rəqsləri və mahnıları, o cümlədən Yaponiyanın hanami çiçəklənməsi ənənəsinə həsr olunmuş məşhur “Sakura” kompozisiyası təqdim edilib.
Festival tamaşaçıların böyük marağına səbəb olub.