Bakı. 16 may. REPORT.AZ/ 18-20 may tarixlərində Azərbaycan paytaxtında "Bakıda Sankt-Peterburq görüşləri" adlı silsilə mədəni-maarif aksiyaları keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Bakı meriyasının dəstəyi ilə Sankt-Peterburq rəhbərliyinin xarici əlaqələr Komitəsinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi tədbirlərdə iştirakçılar adıçəkilən şəhərin mədəniyyəti, orada təhsil almaq imkanları ilə daha yaxından tanış olmaq şansı qazanacaq.
Belə ki, mayın 18-də saat 13:00-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Həcmli Sankt-Peterburq" adlı fotosərginin açılışı olacaq. Saat 19:30-da isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Böyük zalında Sankt-Peterburq incəsənət ustalarının konserti olacaq.
"Peterburq görüşləri"nin keçirildiyi üç günün hamısında paytaxt sakinləri "Nizami" kinoteatrında Rusiyanın ən qədim film şirkətinin - "Lenfilm" kinostudiyasının kolleksiyasından dörd film izləmək imkanına malik olacaq. Hər filmdən əvvəl konostudiyanın əməkdaşları onların yaranması tarixi haqqında məlumat verəcək.
Mayın 20-də saat 14:00-da Bakı Slavyan Universitetinin "Məktəb-lisey" Təhsil Mərkəzində Azərbaycanın gələcək tələbələri üçün Sankt-Peterburq universitetlərinin təqdimatı olacaq. Təqdimatda şagirdlər ödənişli əsaslarla və dövlət hesabımna vakalavriat, magistratura və aspirantura proqramları üzrə təhsil almağın imkanları barədə məlumatlandırılacaq.
Bütün tədbirlərə giriş sərbəst və pulsuzdur.