Bakıda "Milli irs" mükafatının təqdimat mərasimi keçirilib

Bakıda "Milli irs" mükafatının təqdimat mərasimi keçirilib Tarix və mədəniyyət abidələrinə həsr olunan neft ilə işlənən rəsm əsərlərinin sərgisi də təşkil edilib
Mədəniyyət siyasəti
18 Aprel , 2017 17:46
Bakıda Milli irs mükafatının təqdimat mərasimi keçirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan "Milli irs" mükafatının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, Mədəniyyət və Turzim Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi, eləcə də stimullaşdırılması məqsədilə 2013-cü ildə təsis edilən "Milli irs" mükafatı bu sahə üzrə fərqlənən şəxslərə təqdim edilib.

Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri Səfər Aşurov, Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva, Azərbaycan irsinin təbliğində xidmətlərə görə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev mükafata layiq görülüblər.

Onlara mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib.

Tədbir çərçivəsində nazirliyin və "PAŞA Sığorta" ASC-nin birgə layihəsi olan smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə və tanıtım məqsədi daşıyan "Sirli Bakı" layihəsinin təqdimatı da olub.

Həmçinin Sarayın foyesində tarix və mədəniyyət abidələrinə həsr olunan neft ilə işlənən rəsm əsərlərinin sərgisi də təşkil edilib. 

Son xəbərlər

Orphus sistemi